HƏMAS Trampın təhdidlərinə cavab verdi

 23:48 11.02.2025     69

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail Qəzza razılaşmasının şərtlərinə əməl etməsə, girovları azad etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

HƏMAS təhdid dilini yersiz adlandırıb və bunun vəziyyəti çətinləşdirdiyini qeyd edib.

“HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza müqaviləsinin şərtlərinə əməl etmək girovları azad etməyin yeganə yoludur”, - hərəkatın bəyanatında deyilir.

Bundan əvvəl Tramp Fələstin HƏMAS hərəkatından şənbə günü, fevralın 15-i günortaya qədər bütün girovları azad etməyi tələb edib. O, yaraqlıların əvvəllər əsir götürdüyü bir və ya iki nəfəri təhvil verməsi variantının onu qane etməyəcəyini vurğulayıb. “Əgər hamını geri qaytarmasalar, cəhənnəm dağılar” – deyə siyasətçi bildirib.

Turan İSMAYIL