Ermənistanın Rusiyadakı səfiri məhkəməyə ÇAĞIRILDI
![](https://img.redaktor.az/news/2025/02/photo_270139.webp)
Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan və “Vətəndaş müqaviləsi” partiyasından deputat Qaqik Melkonyan məhkəməyə getməli olduqları barədə bildiriş alıblar.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.
Bildirilib ki, onlar İrəvanda Arsenyan və Melkonyana məxsus ərazilərdə, eləcə də “Vətəndaş müqaviləsi”nin ofisinin yaxınlığında partlayıcı qurğuların quraşdırılması ilə bağlı iş çərçivəsində məhkəməyə çağırılıblar.
İstintaq başa çatıb və materiallar məhkəməyə təqdim edilib.
İstintaq məlumatına görə, fevralın 20-də naməlum şəxs Arsenyanın lideri olduğu “Birləşmiş işçi partiyası”nın ofisindən 9 metr məsafədə əldəqayırma partlayıcı qurğu yerləşdirib. Daha bir bomba isə “Vətəndaş müqaviləsi”nin ofisinin yaxınlığında tapılıb. Lakin sözügedən qurğular mexanizminin nasaz olmasına görə işə düşməyib.
Məsələ ilə bağlı Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyan, Qaqik Melkonyan və Qurqen Arsenyan zərərçəkmiş kimi tanınıblar. Qəzet yazır ki, bildirişə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlmirlər.
Qeyd edək ki, işlə bağlı “Daşnaksütyun” üzvü Qaqik Sarkisyan saxlanılıb. Onun saxlanma müddəti mütəmadi olaraq uzadılır.