"Rusiyanın irəli sürdüyü şərtlər qəbul edilmədiyi halda müharibə sona qədər davam etdiriləcək"

 12:52 12.02.2025     87

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında ölkəsinin Rusiya ilə birbaşa ərazi mübadiləsinə hazır olduğunu açıqlayıb.

Mövzu ilə bağlı Redaktor.az- danışan politoloq Əlimusa İbrahimov bildirdi ki, Zelenskinin Ukraynanın Rusiya ilə birbaşa ərazi mübadiləsinə və danışıqlara hazır olması barədə açıqlaması müsbət qiymətləndirilməlidir:

"Çünki bu bəyanatlar atəşkəsin əldə olunması istiqamətində mühüm addımlar hesab olunur. Amma Ukrayna tərəfinin hazır olması bunun Rusiya tərəfindən qəbul ediləcəyi anlamına gəlməməlidir. Çünki məlum olduğu qədər, bu gün Rusiya hərbi güc baxımından Ukraynadan üstündür və müharibənin davam etdirilməsi Rusiyanın marağı daxilindədir. Bu da o deməkdir ki, sülh müqaviləsi və ya atəşkəs istiqamətində danışıqlar zamanı Rusiyanın irəli sürdüyü şərtlər əsas götürüləcək. Rusiyanın irəli sürdüyü şərtlər qəbul edilmədiyi halda müharibə sona qədər davam etdiriləcək. Sonun isə necə baş verəcəyi heç kimə məlum deyil. Bu, Ukraynanın tamamilə Rusiyanın işğalı altına düşməsi ilə və ya bütün dünyanın Rusiyaya qarşı birləşməsi və onun məğlub edilməsi ilə nəticələnə bilər".

Əlimusa İBRAHİMOV - müəllifin son məqalələri və hadisələrin icmalı -  Sputnik Azərbaycan

Politoloq qeyd etdi ki, burada ABŞ faktorunu da unutmaq olmaz.

"ABŞ-nin Rusiya ilə dil tapıb müdaxilə etməsi atəşkəslə nəticələnə bilər. Amma bu halda Rusiya təkcə Ukrayna ilə bağlı şərtlər irəli sürməyəcək. O, eyni zamanda ABŞ, Avropa İttifaqı və sanksiyalarla bağlı da ciddi arqumentləri ortaya qoya bilər. İstənilən halda qarşıda uzun və yorucu müzakirələr durur. Bunu başa düşən Tramp bu gün Rusiya, Ukrayna və ABŞ-nin ortada olan şərtləri ilə bağlı deyil, bu şərtlərin həyata keçirilməsində mühüm rol oynayacaq atəşkəsin əldə olunması barədə düşünür. Trampa görə, döyüşən tərəflər arasında mühüm məsələ atəşkəsin əldə olunmasıdır. Atəşkəs əldə edildikdən sonra digər müzakirə olunacaq məsələlər masaya qoyulacaq. Məhz buna görə də bu gün Zelenskinin bu və ya digər şərti irəli sürməsi barədə fikir yürütmək hələ tezdir. Diqqət Tramp-Putin danışıqlarınadır", - deyə Əlimusa İbrahimov bildirdi.

Aytəkin TOFİQQIZI