Pentaqon rəhbərinin Ukrayna ilə bağlı dedikləri təslim olmağa məcbur etməkdir - NATO

 23:40 12.02.2025     81

Bəzi NATO rəsmiləri hesab edirlər ki, ABŞ-nin müdafiə naziri Pit Heqsetin Ukraynanın alyansa üzvlüyü ilə bağlı açıqlamaları və Vaşinqtonun siyasətindəki digər dəyişikliklərin əlamətləri Kiyevi təslim olmağa vadar etmək cəhdidir.

Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri yazır.

“Avropalı NATO diplomatlarından biri ABŞ-nin siyasət dəyişikliyini Ukraynanı “önləyici təslim olmağa” məcbur etməyə bənzər bir şey kimi təsvir etdi”, - nəşr qeyd edib.

Digər mənbələr jurnalistlərə bildiriblər ki, hələ nizamlanma danışıqları başlamamış belə bəyanatlar onları “xoşagəlməz dərəcədə təəccübləndirib”.

Xatırladaq ki, fevralın 12-də Pit Heqset bəyan edib ki, Ukraynanın təhlükəsizliyinə Avropa və Aİ-yə daxil olmayan ölkələr təminat verməlidir və ABŞ öz qoşunlarını ora göndərməyəcək.

O, həmçinin qeyd edib ki, ABŞ Kiyevin NATO-ya daxil olmasını sülh planının bir hissəsi hesab etmir.

Bundan əlavə, Heqset bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsi kritik mərhələyə çatıb. Onun sözlərinə görə, Vaşinqton Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasını qeyri-real hesab edir.

Turan İSMAYIL