Almaniyanın xarici işlər naziri Trampın qayıdış ideyasını rədd etdi
![](https://img.redaktor.az/news/2025/02/photo_270487.webp)
Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ Prezidenti Donald Trampın Rusiyanı yenidən G7-yə qaytarmaq təklifi ilə bağlı ciddi ehtiyatlılıq ifadə edib.
Redaktor.az bu barədə AP nəşrinə istinadən xəbər verir.
"Böyük yeddilikdəki tərəfdaşlar olaraq, Rusiyanın bu qəddar, tammiqyaslı işğalından sonra son üç il ərzində dəfələrlə açıq şəkildə bildirdik: Bu Rusiya ilə, Putinin Rusiyası ilə normal əməkdaşlıq ola bilməz", - Berbok vurğulayıb.
Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, "əgər hamımız sülh yoluna qayıtsaq və Rusiyanın siyasəti dəyişərsə, bu, təbii ki, həm də o demək olacaq ki, biz müxtəlif sahələrdə əməkdaşlığı bərpa edə bilərik”.
Berbok həmçinin qeyd edib ki, o, Rusiyanın Ukraynaya davam edən işğalına son qoymaq üçün Trampın Putinlə danışıqlara cəhd etməsi nəticəsində Ukraynada sülhə doğru istənilən həqiqi addımı alqışlayır.
Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Qərbin Rusiyaya qarşı sərt təzyiqləri “davam etməlidir”.
"Əgər indi sülhə gedən yol varsa, o zaman bütün dünya və ilk növbədə Avropa rahat nəfəs alacaq", - o qeyd edib.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiyanı G7-yə qaytarmaq (yəni “Böyük Səkkizlik” formatına qayıtmaq) istədiyini bildirmişdi. O, 2014-cü ildə Ukraynanın Krımın ilhaqından sonra onun xaricdən çıxarılmasının səhv olduğunu bildirib.
Turan İSMAYIL