“Tramp bu zamana qədərki ən yaxın dostumuzdur” - Netanyahu

“Donald Tramp bu vaxta kimi Ağ Evdə əyləşən ən yaxın dostumuzdur”.
Redaktor.az xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Netanyahu Qəzza ilə bağlı ortaq strategiya üzərində ABŞ ilə hərtərəfli əməkdaşlıq üzrə işlədiyini bildirib:
“İsrail və ABŞ İran təhlükəsinə qarşı birgə mübarizə aparır. İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.
ABŞ və İsrailin Qəzza ilə bağlı da ortaq mövqeyi olduğunu deyən Netanyahu, bütün israilli girovların azad edilmədiyi təqdirdə “cəhənnəm qapılarının” yenidən açılacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu, Rubionun ABŞ-nin baş diplomatı kimi Yaxın Şərqə ilk səfəridir. O, həmçinin Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşməyi planlaşdırır.