Fransa Avropa qüvvələrini Ukraynada yerləşdirməyi təklif etdi - KİV

Ukraynada sülhməramlılar kimi yerləşdirilməsi təklif edilən Avropa qüvvələri təmas xəttində deyil, onun arxasında yerləşdirilməlidir.
Redaktor.az xəbər verir ki, Britaniyanın FT qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, bu təkliflə Fransa çıxış edib.
Parisin təşəbbüsü ilə Ukrayna ilə bağlı təşkil olunan qeyri-rəsmi görüşdə Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka, eləcə də Böyük Britaniyadan nümayəndələr iştirak edir. Görüş üçün bu ölkələrin nümayəndələri ilə yanaşı, Avropa Komissiyası və Avropa Şurasının prezidentləri, NATO-nun baş katibi də Fransa paytaxtına gəlib. Onlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllində Avropa dövlətlərinin iştirak imkanlarını, o cümlədən Fransa, Böyük Britaniya və Polşadan kontingentlərin onun ərazisinə yerləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.
Böyük Britaniyanın Baş naziri Kir Starmer görüşə gəlməzdən əvvəl jurnalistlərə açıqlamasında "bu, təkcə Ukraynadakı cəbhə xətti ilə bağlı deyil. Bu, Avropa və Böyük Britaniyanın cəbhə xəttidir. Bu, bizim milli təhlükəsizliyimizlə bağlıdır və mən hesab edirəm ki, daha çox iş görməliyik" deyib.
Bundan əvvəl “The Daily Telegraph” qəzetinə yazdığı məqalədə Starmer münaqişənin həlli üçün Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.
Turan İSMAYIL