“Üç il əsarətdə qaldı, bu gün Türkiyəyə səfir gəlib”

 21:03 18.02.2025     114

“Bu gün Rusiyadakı əsirlərimizlə bağlı da danışıqlar apardıq. Türkiyə bugünə kimi istər sivillərimizin, istərsə də əsgərlərimin azad olunması üçün lazımı addımlar atıb”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə brifinqdə deyib.

Ukrayna lideri bu xüsusda 3 il Rusiyada əsirlikdə olan, daha sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə azadlığa buraxılan Krım əsilli diplomat Nəriman Cəlalı xüsusi vurğulayıb:

“Bu gün heyətimizin tərkibində Nəriman Cəlal da yer alıb. Ona Ukraynada böyük rəğbət var. Təəssüf ki, Rusiya tərəfi onu evinə dönəndə həbs etmişdi. 3 il əsarətdə qaldı. Ona görə yox ki, hansısa pislik etmişdi, sadəcə vətənpərvər idi. Türkiyə tərəfinin və başda cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə onu azad edə bildik. Çox simvolik bir şey də var ki, o bu gün Türkiyəyə səfir kimi gəlib. Ankarada açılışını etdiyimiz yeni səfirlik binasında işinə başlayacaq.

İstəyirəm ki, onun kimi əsirlikdə olan bütün məhbuslarımız geriyə, evlərinə dönsünlər”.

Qeyd edək ki, Volodimir Zelenski haqqında danışdığı diplomat Nəriman Cəlalı bir müddət əvvəl Ankaraya səfir təyin etmişdi.