Almaniyada səsvermədə Sol partiya birinci OLDU

 22:35 18.02.2025     145

Almaniyada fevralın 23-də baş tutacaq növbədənkənar federal seçkilərə bir neçə gün qalmış uşaqlar və gənclər U18 seçkilərində səs veriblər.

Redaktor.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Sol partiya 21 faizlə birinci olub. Bu, hazırkı rəy sorğularının nəticələri ilə müqayisədə gözlənilməz olub. Çünki müntəzəm keçirilən rəy sorğuları Sol partiyanın 6 faiz səviyyəsində olduğunu göstərir.

U18 səsverməsində Kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası (SPD) 17,9 faiz səslə ikinci olub. Uşaq və gənclərin 15,74 faizi Xristian Birlik (CDU/CSU) ittifaqına, 15,5 faizi ifrat sağçı Almaniya üçün Alternativ (AfD), 12,5 faizi Yaşıllar partiyalarına səs verib. Heyvanları Qoruma Partiyası 3,8 faiz, Azad Demokrat Partiyası (FDP) 3,4 faiz, sol populist Sahra Vaqenknext İttifaqı (BSW) 3,4 faiz səs alıb.

Fevralın 7-14-də keçirilən səsvermədə 166 min 443 nəfər səs verib. U18 seçkiləri hələ səsvermə hüququ olmayan 18 yaşadək gənclər arasında təşkil olunan rəy sorğusudur. Adətən U18 səsverməsinin nəticələri federal seçkilərdən bir həftə əvvəl açıqlanır. Səsvermənin təşkilində məqsəd uşaq və gənclər üçün prioritet olan məsələləri müəyyənləşdirməkdir.

//azərtac