Niderland Ukraynaya sülhməramlı missiya göndərilməsi ilə bağlı qətnamə qəbul etdi

 23:46 18.02.2025     146

Niderland parlamenti Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunacağı təqdirdə Ukraynada mümkün sülhməramlı missiya ilə bağlı qətnamə qəbul edib.

Redaktor.az bu barədə NOS-a istinadən xəbər verir.

Niderland Nümayəndələr Palatası Nazirlər Kabinetinin Ukraynada “müharibədən sonrakı sülhməramlı qüvvələr”də iştirakla bağlı “konstruktiv mövqe” tutmasını istəyir.

Bu gün günortadan sonra parlamentarilərin əksəriyyəti bu məsələ ilə bağlı "Demokratlar 66" və Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasından Hollandiya Nazirlər Kabinetinə təqdim edilən təklifin lehinə səs verib.

Palata Ukrayna və Rusiya arasında atəşkəs əldə olunacağı təqdirdə sabitliyin təmin edilməsində Hollandiyanın fəal rolunu görür. Qətnamədə deyilir ki, bunun NATO bayrağı altında baş verməsi mütləq deyil. ABŞ-nin müdafiə naziri artıq bəyan edib ki, bu cür qüvvələrdə ABŞ və ya NATO-nun heç bir rolu yoxdur.

Baş nazir Sxoof keçən həftə sonu deyib ki, kabinet belə bir missiyada iştirak etmək istəklərinə "məqbul baxacaq", lakin ifrat sağçı PVV (Azadlıq Partiyası) lideri Gerq Vilders dünən Hollandiya qoşunlarının göndərilməsini dəstəkləməyəcəyini söyləyərək koalisiya tərəfdaşlarını təəccübləndirib. Nümayəndələr Palatasının ən böyük partiyası bu gün D66 və VVD təklifinin əleyhinə səs verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbi kontingent məsələsində çox güclü irəliləyiş var. Gələcəkdə belə bir qüvvələrin yaradılması üçün ilk platforma Avropanın silahlı qüvvələri ola bilər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya qoşunlarını Ukraynada yerləşdirməyə hazır olduğunu və arzusunu bəyan edib. Bu, istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün baş verə bilər.

İsveçin Baş naziri Ulf Kristersson Ukraynada müharibədən sonrakı sülhməramlı qüvvələrdə iştirak məsələsini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Qərar sülh danışıqlarında irəliləyişdən və belə bir qüvvə üçün aydın mandatdan asılı olacaq.

Turan İSMAYIL