Yaponiyanın sabiq baş nazirinə bomba atan şəxsə hökm oxundu - FOTO

Vakayama prefekturasının dairə məhkəməsi 2023-cü ildə Yaponiyanın ovaxtkı Baş naziri Fumio Kisidanın yaxınlığına bomba atan Ryuci Kimuranı 10 il həbs cəzasına məhkum edib.
Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Kimura adam öldürməyə cəhd və partlayıcı maddələrə nəzarət haqqında qanunun pozulması da daxil olmaqla beş cinayətdə ittiham olunub.
İttiham tərəfi 15 il azadlıqdan məhrum etmə cəzası tələb edərək baş verənlərin terror aktı və kişinin əldəqayırma partlayıcı qurğunun öldürücü potensialından xəbərdar olduğunu göstərib.
Müdafiə tərəfi isə partlayıcı qurğunun yalnız diqqət çəkmək məqsədi daşıdığını və təqsirləndirilən şəxsin öldürmək niyyətinin olmadığını bildirərək məhkəmədən üç illik cəza istəyib.
Xatırladaq ki, 2023-cü il aprelin 15-də Vakayamada Kisidanın çıxışından əvvəl 25 yaşlı Kimura ona lehimlənmiş polad boruya bənzər silindrik formalı partlayıcı əşya atıb. Mühafizə xidmətinin səyləri nəticəsində baş nazir xəsarət almayıb, lakin bir polis əməkdaşı yaralanıb. Hücum edən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.