Rusiya Paşinyana iki şərt QOYDU

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri düzəltmək üçün yeni yollar axtarır.
Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu məqsədlə keçmiş prezident Levon Ter-Petrosyanın vasitəçiliyindən istifadə etməyə çalışır.
Fevralın 18-də Ter-Petrosyan öz şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Bir neçə gün əvvəl isə o, İran səfiri Mehdi Sobhani ilə də eyni formatda müzakirələr aparıb.
"İravunk" yazır ki, bu aktivlik Paşinyanın şəxsi xahişi ilə baş verib və o, Moskva ilə münasibətləri düzəltmək üçün keçmiş prezidentin nüfuzuna güvənir.
Rusiyanın Paşinyanın mövqeyini "xilas etməsi" üçün İrəvana iki əsas şərt irəli sürdüyü bildirilir:
- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxışı ilə bağlı məsələyə son qoymaq. Bunun üçün İrəvan ya bu addımdan tamamilə imtina etməli, ya da təşkilatdan çıxmaq istəyinə dair bütün suallarına cavab aldığını bəyan etməlidir.
- Ermənistan dəmir yolunun idarə olunması məsələsində Moskva ilə qarşılıqlı məqbul variantları müzakirə etməyə başlamalıdır.
Paşinyanın Rusiya ilə münasibətləri yenidən qurmağa cəhd göstərməsi onun ciddi siyasi təzyiqlərlə üzləşdiyini göstərir.