Qəzza sövdələşməsinin ikinci mərhələsi üzrə danışıqlar hələ başlamayıb - HƏMAS

 23:45 20.02.2025     131

Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar hələ faktiki olaraq başlamayıb.

Redaktor.az Fələstinin HƏMAS hərəkatının teleqram kanalına istinadla xəbər verir ki, bu açıqlama ilə hərəkatın nümayəndəsi Abdel Lətif əl-Qanua çıxış edib.

“Razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar faktiki olaraq hələ başlamayıb, lakin HƏMAS nəzərdə tutulduğu kimi, bu danışıqlarda iştirak etməyə hazırdır”, - deyə əl-Qanua bildirib. O, İsrailin Baş naziri Benyamin Netanyahunu “müqavilənin ikinci mərhələsi üzrə danışıqları gecikdirməkdə” ittiham edib. Əl-Qanua məsləhətləşmələrin harada keçiriləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki, yanvarın 15-də məlum olub ki, İsrail və HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Üç mərhələni əhatə edən saziş yanvarın 19-dan qüvvəyə minib. Razılaşmalara əsasən, sazişin birinci mərhələsinin icrası 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində azı 33 israilli girovu azad etməlidir. Bu günə qədər 23 girov İsrailə qaytarılıb: 19-u sağ, 4-ü ölü.

Sazişin ikinci mərhələsi üzrə danışıqlar birincinin icrası zamanı başlamalı idi, lakin hələlik heç bir tərəf məsləhətləşmələrin rəsmi başlandığını elan etməyib. Müqavilənin birinci mərhələsi martın 2-də başa çatır.

Turan İSMAYIL