İstanbulda 31 milyon lirəlik dələduzluq iddiası ilə bağlı 4 nəfər saxlanıldı

 22:08 21.02.2025     112

İstanbulda 9 nəfəri qazanc payı vədi ilə 31 milyon lirə dələduzluq yolu ilə aldatdıqları iddia edilən 4 şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Asayiş Şöbə İdarəsinin Yankesicilik və Dələduzluq Bürosu əməkdaşları, Y.A. adlı şəxsin "2021-ci ildə bir şirkətə təxminən 3 kilo qızıl və müəyyən miqdarda xarici valyuta yatırdığı, aylıq qazanc payı aldığı, lakin bir müddət sonra bu ödənişlərin dayandırıldığı" barədə şikayətindən sonra araşdırmalara başlayıb.

Aparılan araşdırmalar nəticəsində həmin şirkətin Y.A. ilə yanaşı, 9 nəfəri qazanc vədi ilə aldadaraq 31 milyon lirəlik dələduzluq etdiyi müəyyən edilib.

Polis əməkdaşları müəyyən edilən ünvanlara eyni vaxtda əməliyyat keçirərək E.K., Ö.Ş., B.K. və O.G. adlı şübhəliləri saxlayıb. Ünvanlarda çoxlu sayda sənəd ələ keçirilib.

Şübhəlilər polis idarəsindəki ifadələrindən sonra "mütəşəkkil dələduzluq" və "xüsusi sənəddə saxtakarlıq" maddələri ilə məhkəməyə göndərilib.

Kənan YUSİF