"Rusiya Ankaranın Ukrayna məsələsində mövqeyini müəyyənləşdirmək istəyir" - Politoloq

 15:42 23.02.2025     114

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə sabah başlayacaq səfəri böyük ehtimalla iki mövzuyla bağlıdır. Lavrov Ankarada Ukrayna və Suriyanı müzakirə etmək istəyir. Kremlin Suriyanın yeni hakimiyyəti ilə artıq təması var, Rusiya xarici işlər nazirinin müavini Dəməşqdə olduqdan sonra Vladimir Putin bu ölkənin keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefonla danışıb. Yəni Kremlin Suriyanın yeni hakimiyyəti ilə dialoqda Ankaranın vasitçiliyinə ehtiyacı yoxdur. Buna baxmayaraq, Kreml Rusiyanın Suriyadakı hərbi bazalarının varlığını davam etdirməsinə Ankaranın münasibətini öyrənmək istəyir. Kremli Türkiyənin Suriyanın şimalındakı PKK və ona bağlı qruplara qarşı gələcək planları da maraqlandırır. Çünki, Kremlin PKK-ya bağlı terrorçu qruplarla əlaqəsi var və onların məhv olmasını istəmir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə Ankarada müzakirə olunacaq digər mövzu isə Ukraynadır:

"Bu ölkənin Prezidenti Volodimir Zelenkinin Türkiyəyə səfəri və Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşü Kremlin diqqətindən yayınmayıb. Rusiya hakimiyyəti Ankaranın Ukrayna məsələsində mövqeyində dəyişiklik olub-olmadığını özü üçün müəyyənləşdirmək istəyir. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynaya baxışından məmnundur. Görünür, Kreml Trampın Ukrayna ilə bağlı söylədiklərinə Ankaranın mövqeyini də bilmək istəyir. Ərdoğan Qəzza mövzusuyla bağlı Trampın söylədiklərinin qəti əleyhinə olsa da, Ağ Ev sahibinin Ukrayna ilə bağlı söylədiklərinə reaksiya verməyib. Görünür, Ərdoğan hər məsələdə Trampla qarşıdurmaya getmək istəmir. Türkiyə Cumhurbaşqanı Rusiya-Ukrayna müharibəsinin dayandırılması fikrindədir. Bundan baqşa Ərdoğan Kremllə Kiyevə yenidən vasitəçilik təklif edib, o müzakirələrin İstanbula keçirilməsini irəli sürüb. Lavrov bu təşəbbüsü da Ankarada müzakirə edəcək".

Vasif