"Apple" ABŞ-yə 500 milyard dollardan çox sərmayə qoyacaq

 18:04 24.02.2025     76

Amerikanın “Apple” korporasiyası ABŞ iqtisadiyyatına rekord məbləğdə – növbəti dörd il ərzində 500 milyard dollardan çox investisiya qoymaq niyyətindədir. Bu yolla "Apple" istehsal gücünü genişləndirməyi və süni intellekt (AI) texnologiyalarını daha fəal inkişaf etdirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk bildirib.

“Biz Amerika innovasiyalarının gələcəyi ilə bağlı həyəcanlıyıq və ölkəmizin gələcəyinə 500 milyard dollar sərmayə qoymaqla Birləşmiş Ştatlarda uzunmüddətli sərmayələrimizi qurmaqdan qürur duyuruq", - o qeyd edib.

Korporasiya tərəfdaşları ilə birlikdə 2024-cü ildə istifadəyə verilmiş "Apple Intelligence AI" platformasının işini dəstəkləyən serverlər istehsal etmək üçün 2026-cı ildə Texas ştatının Hyuston şəhərində fabrik açmağı planlaşdırır.

Əvvəllər bu serverlər xaricdə istehsal olunurdu. "Apple" həmçinin hazırda 5 milyard dollar sərmayə yatırmış Qabaqcıl İstehsalat Fondundakı vəsaitin həcmini iki dəfə artırmağı planlaşdırır.

Bundan əlavə, şirkət dörd il ərzində süni intellekt inkişafı, maşın öyrənməsi, proqram təminatının hazırlanması və mühəndisliyi ilə məşğul olacaq təxminən 20 000 nəfəri işə götürməyi planlaşdırır.

Türkan İSGƏNDƏRLİ