Türkiyənin 16 vilayətində İŞİD əməliyyatı: 92 nəfər saxlanıldı

Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatına qarşı son bir həftədir davam edən "GÜRZ-47" əməliyyatlarında 92 şübhəli saxlanılıb.
Redaktor.az xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya, sosial media hesabında verdiyi açıqlamada, əməliyyatların Ankara, Batman, Çorum, Elazığ, Eskişehir, Qaziantep, İsparta, İstanbul, Kahramanmaraş, Kayseri, Kütahya, Kilis, Malatya, Sakarya, Samsun və Şanlıurfa vilayətlərində həyata keçirildiyini bildirib.
Nazir, saxlanılan şəxslərin İŞİD daxilində keçmişdə məsul vəzifələrdə fəaliyyət göstərdiyini, əməliyyatlar zamanı qanunsuz silahlar, təşkilata aid sənədlər və rəqəmsal materialların ələ keçirildiyini vurğulayıb.
“İstər ölkə daxilində, istərsə də xaricdə terrorçuları zərərsizləşdirmək və xalqımızın təhlükəsizliyini təmin etmək üçün əməliyyatlarımız qətiyyətlə davam edəcək”, – deyə Yerlikaya bildirib.
Kənan YUSİF