İsrail Cənin və Tülkərimdə 365 fələstinlini həbs ETDİ

 22:46 24.02.2025     85

İsrail ordusu son bir ay ərzində işğal altındakı İordan çayının Qərb sahilində yerləşən Cənin və Tülkərim şəhərlərində 365 fələstinlini həbs edib.

Redaktor.az xəbər verir ki, Fələstin Əsir İşləri Cəmiyyətinin açıqlamasına görə, İsrail ordusu 21 yanvardan etibarən bu şəhərlərdə reyd və basqınları artırıb. Həmin tarixdən bəri Cənin, Tülkərim və Tubasda İsrail hücumları nəticəsində 61 fələstinli həyatını itirib.

İsrail ordusu mühacir düşərgələrində həbsləri və hücumları genişləndirir. Basqınlar zamanı fələstinlilər açıq havada sorğu-sual edilir, küçədə döyülür və güllələnir.

Bəzi fələstinlilər girov saxlanılır, boşaldılan evlərin bir hissəsi hərbi qərargaha çevrilir, digərləri isə bombalanaraq və ya sökülərək istifadəyə yararsız hala salınır. İşğalçılar, ağır texnika ilə daxil olduqları şəhərlərdə infrastruktur obyektlərini qəsdən dağıdır.

Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən bu yana Qərb sahilində 14 min 500 fələstinlini həbs edib. Fələstinli rəsmilər isə İsrailin bu hücumlarının Netanyahu hökumətinin Qərb sahilini ilhaq edib üzərində suverenlik elan etmə planı çərçivəsində həyata keçirildiyini bildirirlər.

Kənan YUSİF