Ukraynanın bərpası üçün məbləğ müəyyən EDİLDİ

 15:09 25.02.2025     169

Ukraynanın yenidən qurulması üçün 500 milyard dollar tələb olunur. Bu məbləğ Dünya Bankı, BMT, Aİ və Ukrayna hökumətinin birgə araşdırmasında müəyyən edilib.

Redaktor.az bu barədə "RBC-Ukraine"ə istinadla xəbər verir.

Təhlildə Ukraynanın 24 fevral 2022-ci ildən 31 dekabr 2024-cü ilədək olan itkiləri nəzərə alınıb. Bir il ərzində Ukraynanın itkilərinin təxmin edilən məbləği 486 milyard dollardan 524 milyard dollara qədər artıb. Bundan əlavə, iqtisadi axınlar və hasilatın pozulması, həmçinin hərbi əməliyyatların yaratdığı əlavə xərclər 588,8 milyard dollar təşkil edib. Bir il əvvəl bu məbləğ 499,3 milyard dollar idi.

Ən çox zərər çəkən sahə mənzil sektorudur. Hazırda ümumi mənzil fondunun 13 faizi zədələnmiş və ya dağıdılmış vəziyyətdədir ki, bu da 2,5 milyondan çox ev təsərrüfatına təsir göstərir. Mənzil sektorunun bərpası üçün təxminən 84 milyard dollar tələb olunur. Enerji sektoru da ciddi ziyan görüb. Elektrik enerjisinin istehsalı və ötürülməsi obyektləri, paylayıcı infrastruktur və istilik təchizatında 70 faizlik artım qeydə alınıb. Bu sahələrə bərpa məqsədilə təxminən 78 milyard dollar və ya ümumi xərclərin 15 faizi sərf olunacaq.

Nəqliyyat sistemləri 78 milyard dollar, enerji və mədənçıxarma sahəsi isə 68 milyard dollar, ticarət və sənaye sahəsi isə 64 milyard dollar itki ilə üzləşib. Kənd təsərrüfatı sektoruna isə 55 milyard dollar ayrılacaq. Sosial müdafiə və yaşayış sahələrinə 39 milyard dollar, dağıntıların təmizlənməsinə isə 13 milyard dollar ayrılacaq.

Bundan əlavə, Reuters-in daha əvvəl verdiyi məlumata görə, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən bir hissəsinin Ukraynanın şərq ərazilərinin bərpasına yönəldilməsi mümkün ola bilər. 300 milyard dolların xərclənməsi şərti ilə, bu aktivlər Rusiya tərəfindən işğal edilmiş bölgələrin yenidən qurulmasına sərf ediləcək.

Aytəkin TOFİQQIZI