Makronun Ukrayna ilə bağlı uğursuz elçiliyi – Trampın Fransaya sülhməramlılıq tapşırığı - ŞƏRH

 16:55 26.02.2025     86

Ukrayna münaqişəsi Qərblə Rusiyanın maraqlarının toqquşması nəticəsində yaranıb. ABŞ, Avropa İttifaqı daxil olmaqla Qərb onu RF-nin nəzarəti altında olmasını özünə təhlükə sayıb. Ukrayna isə Qərb blokunun vədlərinə arxalanaraq Rusiyaya qarşı siyasi, iqtisadi və sonra hərbi müqavimət göstərib. Moskva isə bu ölkənin İttifaqa və NATO-ya inteqrasiyasını ölkəsinin milli təhlükəsizliyinə təhdid hesab edir. 

Hələ münaqişə başlamazdan əvvəl Kreml bəyan edirdi ki, Ukrayna Qərbi seçərsə, şərq bölgəsini itirəcək. Hadisələrin gedişi göstərdi ki, Kreml Krım yarımadası daxil olmaqla Donbası işğal və ilhaq etməsi ilə bu məsələdə ciddi olub. Ancaq Ukrayna da daxil olmaqla, ABŞ və Avropa İttifaqı bu qarşıdurmada rəsmi Kiyevi müdafiə etməyə, savaşda ona yardım göstərməyə hazır deyilmiş.

Donald Trampın yenidən ABŞ-də hakimiyyətə gəlişi tərəflərin mövqeyi, gücü, dəstəyi və müdafiə qabiliyyətini ifşa edib. Qərbin Rusiya ilə Ukrayna uğrunda mübarizəsində birinci tərəfdə zahiri parçalanma müşahidə edilir. Başqa sözlə, ABŞ Ukraynanı Rusiya ilə öz arasında bölmək istəyir. Odur ki, Moskva bu təşəbbüsünə görə milli sərvətindən Ştatlara bonus belə verə bilər. 

İş o yerə çatıb ki, ABŞ ilə Böyük Britaniya arasında Ukrayna məsələsi üzrə fikir ayrılığı yaranıb. Rəsmi London Rusiyaya qarşı müharibəni davam etdirməyin tərəfdarı olan Avropa İttifaqı ilə eyni mövqedədir. Onun müttəfiqi ABŞ isə hələ ki danışıqlar və atəşkəs ideyası ilə çıxış edir. Krallığın Baş naziri Kir Starmer fevralın 26-da Ukrayna ilə bağlı məsələləri müzakirə etmək məqsədi ilə ABŞ-yə səfər edib. 

Ondan əvvəl Fransa prezidenti Emmanuel Makron Ştatlara gedib, amerikalı həmkarı ilə görüşüb. Görüşdə Yaxın Şərq, Ukraynaya məsələləri müzakirə olunub. Donald Trampın Rusiya ilə danışıqlar ideyasına qarşı canfəşanlıq edən Fransa hakimiyyəti idi. Rəsmi Paris az qala özünü Ukrayna torpaqlarının işğaldan azad olunmasının fədaisi elan etdirdi. Ancaq ABŞ lideri ilə görüşdən sonra Makron verdiyi müsahibədə bildirib ki, yaxın həftə ərzində Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalana bilər. Onun sözlərinə görə, atəşkəsin davamı olaraq uzunmüddətli sülh haqqında danışıqlar aparılmalıdır: “Əgər ona əməl olunmasa, bu, Rusiyanın atəşkəs rejimini ciddiyə almamasına ən yaxşı sübut olacaq”.

Bununla belə Makron vurğulayıb ki, istənliən atəşkəs rejimi Ukraynanın kapitulyasiyası olmamalıdır. Makronun qənaətincə, ABŞ Ukraynanın suverenliyini dəstəkləyərsə, bu, ən yaxşı təminat olacaq. 

Fransa prezidenti Kiyevə 800 minlik güclü ordu qurulması üçün yardım göstərməkdən, Ukraynaya Avropa sülhməramlı kontingentini göndərməyə hazır olmaqdan danışıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birlikdə Avropa qoşunlarının cəbhə xəttində deyil, sülh sazişində göstərilən ayrı-ayrı yerlərdə yerləşdirilməsini nəzərdə tutan təklif hazırlayırlar. Yelisey sarayının indiki sahibi bu məsələdə də ABŞ-dən asılı olduqlarını gizlədə bilməyib: “ABŞ-nin dəstəyi ilə bizim iştirakımız sülhün qorunmasına kömək edəcək və kollektiv etimad göstərəcək”.

Makron müsahibəsində bu istiqamətdə təkliflərini Avropanın 30 lideri ilə müzakirə edib və onların çoxu Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə qatılmağa hazır olduqlarını bildirib. Fransa prezidentinin Ukrayna məsələsi ilə bağlı Trampa elçiliyi uğurlu sayılmır. Çünki ABŞ liderinin görüşdən sonra verdiyi müsahibələr və açıqlamalar da mövqeyində dəyişiklik olmadığını göstərib. 

Əksinə, Fransanın dövlət başçısı Donald Trampın şərtləri ilə razılaşıb. Çünki ABŞ dövlət başçısı danışıqların üç istiqamətdə (atəşkəs, Ukraynada prezident seçkisinin keçirilməsi, sülh sazişinin imzalanması) başlaması şərtini irəli sürüb. Makronun da atəşkəs, sülhməramlı kontingent, sülhlə bağlı danışıqlardan bəhs etməsi də bunu təsdiqləyir. 
Belə ehtimal etmək olar ki, rəsmi Vaşinqton ona planın detallarını açıqlayıb. Başqa sözlə, Ukrayna məsələsində Avropa İttifaqının müstəqil mərkəz, güc və ya qüvvə olaraq çıxış etməsinin mümkünsüzlüyü ona izah edilib. 

Rusiyadan fərqli olaraq Ukrayna silahlı qüvvələrində xarici ölkələrin əsgərlərinin döyüşmədiyi məlumdur. Belə ehtimal etmək olar ki, beynəlxalq güclərin Ukraynaya daxil olması üçün ilk növbədə atəşkəs rejimi tətbiq edilməlidir. Bu rejimi qorumaq üçün isə sülhməramlı kontingentə ehtiyac var. Odur ki, Avropa İttifaqına ABŞ bu rolu həvalə edir... 

Makrona da bu planın açıqlandığını düşünmək olar.  Belə görünür ki, ABŞ Avropadakı müttəfiqlərinə  - Böyük Britaniya, Almaniya və Fransaya bu ideyanı ayrı-ayrılıqda açıqlamaqla mövqeyini onlara qəbul etdirməyi planlayır.  ABŞ ilə Avropa arasında hazırda açıq qarşıdurma yaşandığı da sirr deyil. Donald Trampla Key Starmer və Emmanuel Makronun görüşlərindən sonra bunun konturları daha aydın hiss edilə bilər. 
Hələlik rəsmi Kiyevin plana razılığıdır. Ona görə də ideyanın Ukrayna lideri Volodimir Zelenski ilə də müzakirəsinə ehtiyac duyulduğu istisna edilmir. 

Fevralın 28-də onun ABŞ-yə səfəri planlaşdırılıb. ABŞ ilə Avropa İttifaqı arasında mübahisəli məsələlərdən biri də Ukraynaya yardım edilməsi ilə bağlıdır. Ağ ev avropalılara Ukrayna yardım etməyi təklif edib. ABŞ-nin əsas hədəflərindən biri rəsmi Kiyevlə minerallarla bağlı müqaviləni imzalamaqdır. Zelenskinin səfəri çərçivəsində bu sənəd tərəflər arasında müzakirə oluna və ya imzalana bilər. Belə güman edilir ki, ABŞ ilə  təbii sərvətlərin birgə işlənməsinə dair sazişin imzalanması qarşılığında Ukrayna silah və Rusiyaya qarşı mübarizəni davam etdirmək hüququ alacaq.

Ukrayna ərazisində Rusiya döyüşləri davam etdirir. Ölkənin cəbhə xəttindən kənar ərazilərinə dron, raketlərlə hücum edir, qırıcı təyyarələrlə bombalayır.  Makronun Vaşinqton səfəri isə ABŞ-nin planını yenidən irəli çıxarıb. Fransa prezidentinin “Ukraynadan bizə nə düşəcək” istəyi isə görünür təmin olunmayıb. Belə ehtimal etmək olar ki, Makron Ukrayna məsələsindən çox  bu ölkədən pay almaq üçün Donald Trampla görüşüb. O da Paris rəsmisinə sülhməramlı fəaliyyətlə bağlı tapşırıq verib...

Sədrəddin Soltan