"Bu il ölkədə qurban kəsilməməlidir" - Kraldan ÇAĞIRIŞ

 15:23 27.02.2025     88

Mərakeş kralı VI Məhəmməd iqlim dəyişikliyinin yaratdığı quraqlıq və iqtisadi səbəblərdən bu il ölkədə heyvanların qurban kəsilməməsinə çağırıb və Mərakeş xalqı adına bu ayini icra edəcəyini açıqlayıb. Mərakeşdə insanlardan 1963, 1981 və 1996-cı illərdə qurban kəsməkdən çəkinmələri istənilib. 

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, kral VI Məhəmmədin bu il qurban kəsilməməsi ilə bağlı xalqa mesajını Mərakeşin dini işlər və vəqflər naziri Ahmed et-Tevfik dövlət televiziyasında oxuyub. 

Kral VI Məhəmmədin mesajında ölkənin iqlim və iqtisadi çətinliklərlə üzləşdiyi və bu vəziyyətin heyvanların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu bildirilib. Mesajda bu kontekstdə qurban kəsməyin mümkün olduqca yerinə yetirilməsi vacib olan güclü bir sünnə olduğu bildirilir və bu ibadətlərin mövcud çətinliklərlə yerinə yetirilməsinin xüsusilə cəmiyyətin aztəminatlı təbəqələri üçün böyük yük ola biləcəyinə diqqət çəkilib. 

Ölkə rəhbərliyi olaraq üzərlərinə düşən məsuliyyət və dini vəzifələri asanlaşdırmaq öhdəliyi çərçivəsində ictimaiyyəti bu il qurban kəsməkdən çəkinməyə çağıran mesajda kral VI Məhəmmədin Mərakeş xalqı adına bu ibadəti yerinə yetirəcəyi bildirilib. 

Mesajda Qurban bayramının adi mənəvi mənaları və tələbləri ilə qeyd olunacağı da bildirilib. Qurban ritualından imtina daha əvvəl Mərakeşdə üç dəfə baş verib. 1963, 1981 və 1996-cı illərdə insanlardan heyvanları qurban kəsməkdən çəkinmələri istənilib.