"Rusiya Ukraynanın torpağını işğal edib, ABŞ isə təbii sərvətlərini işğal etmək istəyir" - Politoloq

 16:01 28.02.2025     142

"Amerikanın hazırkı hakimiyyətinin məqsədi və marağı Ukrayna məsələsində müharibəni dayandırıb, Ukrayna xalqına, dövlətinə xeyir vermək deyil".

Bu fikri Redaktor.az-a Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp arasında baş tutacaq görüşü şərh edərkən bildirdi. 

Onun sözlərinə görə, Amerikanın məqsədi müharibəni dayandıraraq, Ukraynanın zəngin təbii sərvətlərini ələ keçirmək və faydalanmaqdır:

"Amerika Ukraynada xərclədiyi vəsaiti daha artıqlaması ilə əldə etmək iddiasındadır. Bunu Ukraynadakı təbii sərvətləri işğal edərək həyata keçirməyi planlayır. Deyək ki, Rusiya Ukraynanın 18-20 faiz torpağını işğal edib. Amerika da Ukraynanın təbii sərvətlərini işğal etmək istəyir. Bunun adı elə işğaldır. Başqa bir adı yoxdur. Amerika administrasiyasını düşündürən məsələ budur. Bu səbəblə Ukraynada müharibəni dayandırmaq istəməkləri hesab edirəm ki, dövlət və xalq üçün müsibət halıdır. Çünki Ukraynadakı müharibədən ən çox ziyan çəkən tərəf sadə xalqdır".

Siyasi şərhçi qeyd etdi ki, Ukrayna Amerikadan, Rusiyadan və Avropadan asılı bir dövlətə çevrilib.

"Burada artıq vəziyyət çox çətindir. Bundan sonra Ukraynada vəziyyətin yaxşılaşıb, düzəlməsi üçün düşünürəm ki, illər lazım olacaq. Həm ərazilərin təmir və bərpası, həm də Ukraynanın normal bir dövlət halına gəlməsi uzun vaxt alacaq. Bu səbəbdən Tramp-Zelenski görüşündən Ukrayna dövləti və xalqı üçün müsbət məsələlər gözləmirəm. Görüş ancaq Trampın maraqlarının xidmət edəcək məsələlərin reallaşmasıdır", - deyə M.Göyüşlü vurğuladı.

Aytəkin TOFİQQIZI