Qazaxıstan “AZAL”ın qəzaya uğrayan təyyarəsilə bağlı şəffaf istintaqın aparılmasını DƏSTƏKLƏYİR

Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır.
Redaktor.az xəbər verir ki, bunu “RİA Novosti”yə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
“Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq”, - deyə, o bildirib.
D. Abayev qeyd edib ki, araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndələr təyin ediblər.
“Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkin xarakter daşıyır. Nazirliyin məlumatına görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib, məlumatın təfərrüatlı və dolğunluğunu qeyd edib”.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb.