Türkiyənin təbii qaz anbarlarının həcmi ARTIRILACAQ

Türkiyə 2028-ci ilə qədər təbii qaz anbarlarının ümumi həcmini 12 milyard kubmetrə çatdırmağı hədəfləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Nazir Yeni Yol Partiyasının İzmir millət vəkili Mustafa Bilicinin sualına cavab olaraq bildirib ki, yeraltı anbarlar qaz təchizatının dayanıqlılığını təmin etmək və strateji ehtiyat yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda "Kuzey Marmara Yeraltı Qaz Anbarı" 4,6 milyard kubmetr, "Tuz Gölü Yeraltı Qaz Anbarı" isə 1,2 milyard kubmetr qaz saxlama gücünə malikdir. Cəmi 5,8 milyard kubmetrlik anbarların tam gücü ilə işlədiyini bildirən Bayraktar, enerji təhlükəsizliyini gücləndirmək üçün yeni genişləndirmə layihələrinin icra olunduğunu qeyd edib.
Plana əsasən, 2028-ci ilə qədər Türkiyənin ümumi qaz saxlama gücü təxminən 12 milyard kubmetrə çatdırılacaq.
Kənan YUSİF