Avropa Ukraynaya ona görə yardım edir ki... - AÇIQLAMA

"Donald Tramp hələ prezident seçilməmişdən əvvəl, rəqabət zamanı qeyd edirdi ki, prezident seçiləcəyi təqdirdə Amerika vətəndaşları hesabına formalaşmış Amerika dövlət büdcəsindən xaricə pul danışmalarının qarşısını alacaq. Prezident seçildikdən sonra ilk müzakirəyə çıxardığı mövzu ABŞ-nin Ukraynaya Bayden dönəmində etdiyi yardımlardır".
Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov ABŞ və Ukrayna münasibətlərini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Donald Tramp bu gün həm Ukraynadan Co Baydenin verdiyi yardımların hesabını soruşur, həm də bundan sonra ABŞ-nin qarşılıqsız Ukraynaya yardım etməyəcəyini açıq şəkildə bəyan edir:
"Hal-hazırda Trampın əsas hədəflərindən biri Ukraynanın təbii sərvətlərinin, faydalı qazıntılarının ABŞ tərəfindən istismarına nail olmaqdır. Tramp bu vasitə ilə Ukraynanın ABŞ-dən aldığı milyard dollarların əvəzini öz aləmində ödətdirmək istəyir. Həm də eyni zamanda məhz ABŞ-nin vasitəçiliyi ilə Rusiya ilə razılaşma əldə edildiyi üçün, sanki Ukraynadan haqq-hesab tələb edir. Avropa isə mövzuda maraqlı tərəf kimi görünür. Avropa Ukraynaya yardım ona görə edir ki, Rusiyanın Ukrayna ilə müharibəyə başı daha çox qarışsın. Çünki müharibənin davam etməsi Rusiyanın daha da zəifləməyinə və eyni zamanda bu müharibədə Rusiyanın mövqelərinin uzunmüddətli formada zədələnməsinə səbəb ola bilər. Əslində Donald Trampın yanaşması bir mənada haqlıdır. Tramp qeyd edir ki, Avropa bu gün Ukraynanın müharibə ritorikasında onu təşviq etməsi doğru deyil. Çünki Ukraynada da, Rusiyada da itkilər davam edir".
Politoloq qeyd etdi ki, Ukrayna hal-hazırda Rusiya tərəfindən işğal edilmiş torpaqlarını azad etmək üçün hansısa prespektivə malik deyil.
"Amma eyni zamanda nəzərə almaq lazımdır ki, hələ ki, Avropa İttifaqı öz hesabına Ukraynaya yardım edib, Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Avropa İttifaqı yaxşı başa düşür ki, Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya transfer edilməsi Rusiyanın daha çox kəskin və sərt reaksiyasına səbəb ola bilər. Rusiya, ümumiyyətlə, uzun müddət nə danışıqlara gələr, nə də Ukrayna ilə müqavilə imzalanmasını istəməz. Bu baxımdan, Trampın söylədiyi fikirlər əslində hüquqi baxımdan müəyyən qədər daha mümkün kimi görünür. Nəzərə alsaq ki, Avropanın Rusiya aktivlərini Ukraynaya verməsi daha təhlükəli ssenarilərin reallaşmasına səbəb ola bilər. Rusiya ilə danışıqlarda Avropanın əlində əlavə təhdid vasitəsi kimi dondurulmuş aktivlər vasitə kimi qalacaq", - deyə T.İsmayılov vurğuladı.
Aytəkin TOFİQQIZI