Avropa qışda qaz ehtiyatlarını doldurmaqda çətinlik çəkəcək - Gazprom

 22:24 03.03.2025     119

Rusiyanın Gazprom enerji şirkəti Avropanın etibarlı qaz təchizatçılarının azalması səbəbindən gələn qış mövsümündə yeraltı qaz anbarlarını doldurmaqda çətinlik çəkəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, şirkətin məlumatına görə, Avropa ölkələri qaz ehtiyatlarını sürətlə tükədir. 28 fevral tarixinə qədər anbarlarda cəmi 39,2 milyard kubmetr qaz qalıb.

Avropada hava şəraitinin mövsüm normasına uyğun olmasına baxmayaraq, qaz istehlakının hələ də yüksək olduğu vurğulanıb.

"Avropa, qaz anbarlarını doldurma dövrünə böyük ölçüdə boş ehtiyatlarla başlayacaq. Etibarlı qaz mənbələrinin azalması fonunda bu proses daha da çətinləşəcək", – deyə Gazprom açıqlayıb.

Xatırladaq ki, Ukrayna müharibəsindən əvvəl Avropanın ən böyük qaz təchizatçısı olan Gazprom, 2022-ci ilə qədər qitənin qaz bazarında 40%-lik paya sahib idi.

Sanksiyalar səbəbindən müştərilərini ABŞ, Qətər və Norveç kimi LNG tədarükçülərinə itirən Gazprom, ötən il Avropaya 15 milyard kubmetr qaz ixrac edib. Bu rəqəm 2021-ci ildə 201,7 milyard kubmetr idi.

Kənan YUSİF