Çin ABŞ-nin yeni tariflərinə qarşı ÜTT-yə müraciət etdi

Çin hökuməti ABŞ-nin Çin mallarına qarşı tətbiq etdiyi yeni tariflərə cavab olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəsmi şikayət verib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
Vaşinqton martın 3-də bəzi Çin mallarına mövcud 10 faizlik tarifə əlavə olaraq daha 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Pekin isə bu qərarı beynəlxalq ticarət normalarına zidd hesab edərək, qanuni hüquqlarını qorumaq və qlobal ticarət sistemini müdafiə etmək məqsədilə ÜTT-yə müraciət etdiyini bildirib.
Bu, Çinin ÜTT-yə ilk müraciəti deyil. 2024-cü ilin avqustunda Pekin Avropa Birliyinin Çin elektromobillərinə tətbiq etdiyi tariflərə görə təşkilata şikayət etmişdi. Sentyabrda isə Çin Kanadanın elektrik avtomobilləri, polad və alüminiuma qarşı rüsumlar tətbiq etməsinə görə oxşar addım atmışdı.
Buna baxmayaraq, ÜTT-nin Çinin iddiasını icra edib-etməyəcəyi sual altındadır. Son illərdə ABŞ təşkilatın işini məhdudlaşdıraraq apellyasiya komissiyasına hakimlər seçilməsinə mane olur. Bu isə o deməkdir ki, ÜTT Çinin xeyrinə qərar çıxarsa belə, icrası qeyri-müəyyən müddətə dayandırıla bilər.
Aytəkin TOFİQQIZI