BMT-nin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib - RƏSMİ

 22:37 04.03.2025     90

BMT-nin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-nin Kiyev hakimiyyətinə hərbi yardımı dayandırmasını şərh etmək xahişinə cavab olaraq bildirib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır”, - deyə o bildirib: “Baş katib Ukraynada münaqişədə ədalətli, davamlı və hərtərəfli sülhə nail olmağın vacib olduğuna inanır”.

Xatırladaq ki, martın 3-də “Reuters” Ağ Evin sözçüsünə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Daha sonra Pentaqonun nümayəndəsi TASS-a ABŞ Silahlı Qüvvələrinin Ukraynaya hərbi yardımı dayandırdığını təsdiqləyib. Onun sözlərinə görə, dayandırılma hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasına, o cümlədən təyyarə və ya gəmi ilə daşınan və ya Polşada tranzit zonalarda göndərilməsini gözləyən silahlara şamil edilir.

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı onların arasında mübahisə yaranıb. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib, ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə sazişin imzalanması baş tutmayıb.

Turan İSMAYIL