ABŞ və Ukrayna yaxın saatlarda mineral ehtiyatlarla bağlı sazişi imzalaya bilər - "Reuters"

ABŞ və Ukrayna yaxın saatlarda faydalı qazıntılar üzrə saziş imzalaya bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, saziş ABŞ-nin şərq sahili vaxtı ilə çərşənbə axşamı imzalana bilər. "Reuters" mənbələri qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp sazişin imzalanmasını Senat və Konqresin Nümayəndələr Palatasının 21:00-a (martın 5-i Bakı vaxtı ilə 04:00) planlaşdırılan birgə iclasında çıxışı zamanı elan edə bilər. “Reuters” vurğulayır ki, məqalə dərc olunan vaxt müqavilə imzalanmayıb və planlar dəyişə bilər.
Qeyd edək ki, çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Trampla görüş zamanı baş verənlərdən təəssüfləndiyini bildirib, lakin Ağ Ev rəhbərindən yenə üzr istəməyib. Zelenskinin sözlərinə görə, Ukrayna Vaşinqtonla gələcək əməkdaşlığın və ünsiyyətin konstruktiv olmasını istərdi. O vurğulayıb ki, Ukrayna istənilən vaxt və istənilən əlverişli formatda mineral ehtiyatlar və təhlükəsizliklə bağlı saziş imzalamağa hazırdır.
Turan İSMAYIL