"Apple" Britaniya hökumətini məhkəməyə verdi

 11:20 05.03.2025     115

"Apple", Britaniya hökumətinin istifadəçi məlumatlarının şifrələnməsini söndürmək və arxa qapı yaratmaq tələbinə görə rəsmi şəkildə məhkəməyə müraciət edib. 

Redaktor.az bu barədə "Financial Times"ə istinadla xəbər verir.

Mənbələrin bildirdiyinə görə, martın əvvəlində "Apple" Britaniyada təhlükəsizlik xidmətləri ilə bağlı şikayətlərə baxan müstəqil məhkəmə orqanı – İstintaq Tribunalına müraciət edib. Şirkətin şikayətinə bu ay ərzində baxılacağı gözlənilir. Əgər tribunal Britaniya Daxili İşlər Nazirliyinin hərəkətlərini qanunsuz hesab etsə, tələblər ləğv edilə bilər.

Məhkəmə prosesinin açıq və ya qapalı şəkildə keçiriləcəyi hələlik məlum deyil. Məlumata görə, Britaniya hökuməti milli təhlükəsizlik səbəbi ilə qapalı dinləmələrə üstünlük verə bilər.

Fevral ayında ABŞ Prezidenti Donald Tramp Britaniya hökumətinin bu addımını tənqid edərək, onu Çindəki senzura ilə müqayisə etmişdi. Eyni ayda "Apple" Böyük Britaniyadakı istifadəçilər üçün gücləndirilmiş şifrələmə funksiyasını söndürdüyünü açıqlamışdı.

Aytəkin TOFİQQIZI