Kanadalılar "Americano" yerinə "Canadiano" yazmağa BAŞLADI

 21:29 06.03.2025     100

ABŞ və Kanada arasındakı münasibətlər gərginləşdikcə, Kanadada bəzi kafelər menyulardan "Americano" adını silərək, onun yerinə "Canadiano" yazmağa başlayıb.

Redaktor.az xəbər verir ki, bu addım, Prezident Donald Trampın Kanadaya yönələn siyasətlərinə etiraz olaraq atılıb. Tramp əvvəlcə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb, sonra isə əlavə gömrük vergiləri tətbiq edib. Kanadalılar bunu hörmətsizlik kimi qiymətləndirib və buna reaksiyalar artmaqda davam edir.

İlk etiraz idman sahəsində baş verib. Kanadalı azarkeşlər ABŞ himninin səslənməsinə etiraz edib.

Son olaraq, Toronto kafelərində "Canadiano" adlı içki menyulara əlavə olunub və yanında Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını rədd edən bir simvol qoyulub.

Trampın yanaşmasına cavab olaraq, Kanadada Amerika məhsullarına boykot kampaniyası da genişlənir. Bir çox marketlər ABŞ məhsullarını rəflərdən çıxarır. Sosial mediada isə Kanada məhsullarını dəstəkləyən videolar yayılır.

Kənan YUSİF