Bu dəfə nümayəndələri görüşəcək - Tarix açıqlandı

 23:16 06.03.2025     97

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyəti ilə yenidən işlərini bərpa etdiklərini açıqlayıb. 

Redaktor.az-ın məlumatına görə, Ukrayna lideri ABŞ rəsmiləri ilə mənalı dialoqa ümid etdiyini qeyd edib.

“Ukrayna təkcə sülh üçün lazımi addımları atmağa hazır deyil, həm də bu addımların nədən ibarət olduğunu təklif edirik”, - Zelenski bildirib.

Ağ Evin baş müxbiri Yaqkuyi Henrix isə “X”də danışıqların martın 11-nə təyin edildiyini və müzakirələrdə Zelenskinin aparat rəhbəri Andrey Yermakın iştirak edəcəyini qeyd edib.

Məlumata görə, ABŞ nümayəndə heyətinə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkof, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals daxil olacaq.

Xatırladaq ki, tərəflərin sonuncu görüşündə Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti JD Vens arasında Oval kabinetdə gərgin anlar yaşanıb.

Mübahisə Ukraynanın təbii sərvətləri ilə bağlı planlaşdırılan ikitərəfli razılaşmanı pozaraq Trampın Ukrayna ilə bütün hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dondurmasına səbəb olub.

Ağ Ev rəsmiləri açıq şəkildə bildiriblər ki, Zelenski müzakirələrin davam etməsi üçün üzr istəməli və sülh danışıqlarına sadiqliyini nümayiş etdirməlidir.

Martın 4-də isə Zelenski Ağ Evdəki toqquşmanı “təəssüf doğuran hadisə” adlandırıb və Trampın güclü rəhbərliyi altında sülhə doğru işləməyə hazır olduğunu bir daha təsdiqləyib.