ABŞ və İran arasında gizli sövdələşmələr aparılır - ŞƏRH

 16:24 10.03.2025     115

"Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin xarici siyasət sektorunda konfliktlər dolu bir xarici siyasət yox, razılaşmaya meyilli ABŞ siyasəti əsas strategiya kimi qəbul edilib. Nəzərə almaq lazımdır ki, ABŞ və İran arasında son 15 il ərzində danışıqların ən üst nöqtəyə çatdığı dövr məhz Trampın birinci prezidentliyi dövründə olub".

Bu fkirləri Redaktor.az-a politoloq Tural İsmayılov ABŞ və İran liderlərinin diplomatik yazışma və bəyanatlarını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, bütövlükdə respublikaçıların hakimiyyəti dövründə, demokratlardan fərqli olaraq, ABŞ və İranın danışıqlar mühiti heç vaxt tükənməyib:

"Bu kontekstdə Tramp administrasiyasının nüvə danışıqları ilə bağlı İranın ali dini rəhbəri Seyid Əli Xamaneiyə məktub göndərməsi onu söyləməyə əsas verir ki, ən yaxın zamanlarda ABŞ və İran arasında müxtəlif mövzularda, ən əsası da nüvə məsələsində danışıqlar konteksti bərpa olunacaq. Burada, əlbəttə ki, açıq və gizli sövdələşmələr mümkündür. Amma hesab edirəm ki, necə ki, Trampın birinci hakimiyyəti dövründə ABŞ və İran publik şəkildə hansısa bir bəyanata imza atmasalar da, ən azından İranın uranı zənginləşdirməklə bağlı siyasətində Amerikanı narahat edən məsələlərlə bağlı razılaşmalar mövcud idi".

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Politoloq qeyd etdi ki, Tramp tərəfindən addımın atılması, İran rəhbərliyinə müraciət edilməsi, bundan sonrakı dövrdə də nüvə danışıqları məsələsində, ABŞ, bütövlükdə Qərb sistemi ilə İran arasında dərin ixtilaflara səbəb olan məsələlərdə razılaşmaların əldə olunmasına səbəb ola bilər.

"Hər bir halda, Trampın bu müraciətinin müsbət nəticələnəcəyini, ABŞ və İran arasında müəyyən razılaşmaların əldə ediləcəyini düşünürəm", - deyə T.İsmayılov bildirdi.

Aytəkin TOFİQQIZI