"Top artıq Rusiyanın meydanındadır" - Britaniyanın baş naziri

 00:07 12.03.2025     245

Böyük Britaniyanın Baş naziri Kir Starmer Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarından sonra Ukraynada atəşkəsin təmin ediləcəyinə ümid etdiyini bildirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

"Mən Ciddədə bugünkü razılaşmanı səmimiyyətlə alqışlayıram və prezident Tramp və Prezident Zelenskini bu mühüm irəliləyiş münasibətilə təbrik edirəm. Bu, Ukraynada sülhün əldə olunması üçün vacib məqamdır. Biz hamımız mümkün qədər tez bir zamanda davamlı və təhlükəsiz sülhün təmin edilməsi üçün səyləri artırmalıyıq. Amerika və Ukrayna nümayəndə heyətlərinin qeyd etdiyi kimi, top artıq Rusiyanın meydanındadır. Rusiya da atəşkəsə və hərbi əməliyyatlara son qoymağa razı olmalıdır”, -Starmer açıqlamasında bildirib.

Böyük Britaniyanın Baş naziri qeyd edib ki, martın 15-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sammit keçirəcək. "Mən növbəti addımları müzakirə etmək üçün bu şənbə günü liderləri toplayacağam. Biz Ukraynanın öz azadlığından istifadə edə bilməsi üçün bu müharibəni ədalətli və davamlı əsasda bitirməyə kömək etməyə hazırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə danışıqlar aparıb. Nəticədə, Ukrayna tərəfi 30 günlük atəşkəs təklifini dəstəkləyib.

Turan İSMAYIL