"Vaşinqton birinci mərhələdə atəşkəsə nail olmağa çalışır" - Politoloq

"Donald Trampın başı hələ ki, Rusiya-Ukrayna müharibəsinə qarışıb, Vaşinqton birinci mərhələdə atəşkəsə nail olmağa çalışır. Tramp növbəti mərhələdə Yaxın Şərqlə məşğul olacaq. Asiyada da qeyri-sabitlikdir. Çinin bölgədə artan hərbi gücü, hərbi-dəniz və hərbi-hava qüvvələrinin fəallıqları müxtəlif dövlətləri narahat edir. Tramp hansısa mərhələdə bu problemlə də məşğul olmaq məcburiyyətində qalacaq. İyun ayında Trampın Çin lideri Si Cinpinlə görüşü nəzərdə tutulub".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. O, Asiyada Çinlə Filippin arasındakı münasibətlərdə gərginliyin artdığını bildirib:
Filippin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Çinin Filippinin müstəqilliyinə hörmət etməsi vacibliyini bildirib. Bəyanatda Filippinin başqa dövlətlərin deyil, özünün milli maraqlarından çıxış etdiyi yazılıb. Bundan başqa bəyanatda Çinin beynəlxalq hüquqa hörmət etməsi vacibliyi vurğulanıb.
Filippin Xarici İşlər Nazirliyi nəyə görə belə bir bəyanata ehtiyac duyub? Məsələ burasındadır ki, Çinin xarici işlər naziri Van Yi bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, Filippinin Cənub-Çin dənizindəki hərəkətləri müstəqil qərarlara söykənmir, xarici qüvvələr tərəfindən idarə olunub. Van Yi xarici qüvvələr dedikdə böyük ehtimalla ABŞ-ı nəzərdə tutub. Çünki, Filippin son illərdə ABŞ-la hərbi əməkdaşlığı gücləndirib. Filippin ABŞ-dan müasir silahlar alacaq.
Filippin ABŞ-la yanaşı Yaponiya ilə də hərbi əməkdaşlığı gücləndirib. Çünki, Çinin dənizlərdə artan hərbi gücü Tokionu da ciddi narahat edir. Filippinlə Yaponiya birgə hərbi təlimlərin sayını artıracaqlarını razılaşdırıblar".
Vasif