Almaniyada Rusiyaya qarşı sanksiyaları pozan şəxs həbs edildi

 19:47 12.03.2025     72

Almaniya hüquq-mühafizə orqanları Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını pozmaqda şübhəli bilinən Belarusdan olan 46 yaşlı qadını həbs edib. 

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Berlin prokurorluğu və gömrük istintaq departamentinin birgə bəyanatında deyilir. 

“2022-ci il aprelin 5-dən qadın iki şəriki ilə birlikdə çoxlu sayda avtomobili Rusiyaya aparıb”, - nəşr yazır.

Bəyanatda deyilir ki, Aİ-nin mövcud qaydalarından yayınmaq üçün, şübhəlilər  nəqliyyat vasitələrini bəyan edərkən, onları Rusiya Federasiyasına deyil, Belarusiya, Tacikistan , Özbəkistan və Qırğızıstana apardıqları barədə təəssürat yaradıblar. 

“Bu avtomobillərdən 186-nın Rusiyada qeydiyyata alındığını müəyyən etmək mümkün idi, yəni onların ilkin olaraq oraya ixrac edilməli və yalnız nəzərdə tutulan alıcı ölkələr vasitəsilə çatdırılmalı idi”, - deyə hüquq-mühafizə orqanları iddia edir.

Bununla əlaqədar qadının evində axtarış aparıldığı bildirilir. Berlin və Bavariyada aparılan axtarışlar nəticəsində 5 nəqliyyat vasitəsi, sənədlər və məlumat daşıyıcıları ələ keçirilib və sonrakı araşdırmalar zamanı onlar araşdırılacaq.

“Şübhəli şəxs iki şəriki ilə birlikdə ümumi dəyəri 21 milyon 413 min 161 avro olan 192 avtomobili ixrac edə bildiyi üçün bu məbləğdə əmlaka da həbs qoyulub”, - deyə məlumatda vurğulanıb.

Turan İSMAYIL