İranda “Çərşənbə Suri” hazırlıqları zamanı 5 nəfər öldü, 220 nəfər yaralandı

 22:21 12.03.2025     130

İranda Hicri Şəmsi təqviminə görə ilin son çərşənbə axşamı qeyd edilən “Çərşənbə Suri” bayramına hazırlıq zamanı baş verən partlayış və yanğın hadisələrində 5 nəfər həlak olub, 220 nəfər yaralanıb.

Redaktor.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, ölkənin Təcili Yardım Xidmətinin sözçüsü Babək Yektəpərəs bildirib ki, 19 fevraldan 11 martadək davam edən hazırlıq prosesində baş verən hadisələr nəticəsində ölən və yaralananların sayı ötən illə müqayisədə 47 faiz azalıb.

Yektəpərəsin sözlərinə görə, ən çox yaralanma halı 59 nəfərlə paytaxt Tehranda qeydə alınıb. O, bu axşam keçiriləcək bayram tədbirlərində valideynlərə övladlarına diqqət etməyi, partlayıcı maddələrdən istifadə etməmələrini tövsiyə edib.

İranda Novruz bayramından əvvəl qeyd edilən “Çərşənbə Suri”də əsasən uşaqlar və gənclər tonqallar üzərindən tullanır, fişəng və əl istehsalı partlayıcılar yandırırlar. Hər il bu mərasimlər zamanı baş verən partlayış və yanğın hadisələri onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olur.

Kənan YUSİF