Rusiya “stop siyahısı”nı GENİŞLƏNDİRDİ

 21:17 13.03.2025     91

Avropa İttifaqının (Aİ) fevralın 24-də tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə cavab olaraq Rusiya ölkəyə girişi qadağan olunmuş Aİ ölkələrinin və Avropa qurumlarının nümayəndələrinin siyahısını xeyli genişləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Aİ-nin 2025-ci il fevralın 24-də qəbul etdiyi sanksiyalar Rusiya-Ukrayna müharibəsinin başlanmasının ildönümünə təsadüf edib.

Bəyanatda deyilir ki, buna cavab olaraq Rusiya Ukraynaya hərbi yardımda və digər fəaliyyətlərdə iştirak edən bir sıra təhlükəsizlik orqanlarının, dövlət qurumlarının nümayəndələrinin, habelə Aİ ölkələrinin vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Bundan əlavə, “stop siyahısı”na Avropa Parlamentinin deputatları, fəallar, habelə anti-Rusiya mövqeyini dəstəkləyən elmi və ictimai təşkilatların nümayəndələri düşüblər. Qurumun məlumatına görə, sanksiya siyahısına anti-Rusiya fəaliyyəti ilə seçilən Avropa Şurasının nümayəndələri də əlavə edilib.