İslamofobiya qlobal sabitliyi də təhdid edir - BMT rəsmisi

İslamofobiya təkcə müsəlman icmalarını deyil, qlobal sabitliyi də təhdid edir.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos BMT Baş Assambleyasında İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən xüsusi sessiyada deyib.
O, İslam Əməkdaşlıq Təşkilatına İslamofobiya ilə mübarizədə göstərdiyi səylərə görə təşəkkür edib:
"İslamofobiya təkcə müsəlman icmalarını deyil, qlobal sabitliyi də təhdid edir və bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin birgə səyləri vacibdir. İslamofobiyanın qarşısının alınması üçün üzv dövlətlərin qətiyyətli olması vacibdir. Nifrət nitqi cəmiyyətlər arasında parçalanmaya, zorakılığa və sabitliyin pozulmasına səbəb olur. Müsəlmanlar tez-tez institusional ayrı-seçkilik və sosial-iqtisadi maneələrlə qarşılaşırlar. Bu ayrı-seçkilik mediada, siyasətdə və hüquq-mühafizə orqanlarında müsəlmanlara qarşı yaradılan mənfi stereotiplərlə daha da güclənir".
Moratinos İslamofobiyanın qlobal miqyasda artan etnomillətçi və neonasist ideologiyalarla bağlı olduğunu da vurğulayıb:
"Bu cür ideologiyalar təkcə müsəlmanları deyil, eyni zamanda yəhudiləri, xristian azlıqları və digər dini icmaları da hədəfə alır. Dini məkanlara edilən hücumları, müqəddəs kitabların təhqirini və inanclı insanlara qarşı zorakılığı qətiyyətlə pisləyirəm".
BMT rəsmisi İslamofobiya ilə mübarizə sahəsində konkret addımların atılmasının vacib olduğunu qeyd edib:
"Bütün dünyada nifrət və ayrı-seçkiliyin qarşısının alınması üçün hökumətlər sosial birliyi gücləndirməli, dialoqu təşviq etməli və insan hüquqlarını qorumalıdır. Xüsusilə rəqəmsal platformalar nifrət nitqini moderasiya etməli və istifadəçiləri qorumaq üçün daha məsuliyyətli davranmalıdır. İslamofobiya ilə mübarizədə birgə səylər göstərərək dini dözümlülük və insan hüquqlarına hörmət kimi universal dəyərləri qorumaq ümumi vəzifəmizdir”.