Milyarder Stiven Faynberq Pentaqonun birinci müavini vəzifəsinə TƏSDİQLƏNDİ

 23:30 14.03.2025     104

Cümə günü ABŞ Konqresinin yuxarı palatası milyarder investor Stiven Faynberqi müdafiə nazirinin birinci müavini vəzifəsinə təsdiq edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, onun namizədliyinin lehinə 59 senator, əleyhinə 40 senator səs verib.

64 yaşlı Stiven Faynberq Prinston Universitetini bitirib. 1992-ci ildə o, özəl investisiya şirkəti "Cerberus Capital Management"in əsasını qoyub, daha sonra Trampın prezident kimi ilk dövründə prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri olub. Amerikanın "Forbes" jurnalı Feinberqin sərvətini 5 milyard dollar qiymətləndirir.

Senatda təsdiqləmə dinləmələri zamanı o, Pentaqonun rəhbərinin birinci müavini təyin olunarsa, lazımsız hərbi xərcləri aradan qaldıracağını və vəsaitləri innovativ proqramlara yenidən yatıracağını söyləyib. Eyni zamanda, o, pilotsuz texnologiyalara xüsusi önəm vermək niyyətindədir. O, həmçinin bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını tarixdə ən pis hesab edir və ölkənin nüvə arsenalını köhnəlmiş və modernləşdirməyə ehtiyacı olan adlandırıb.

Bundan əlavə, Faynberq ABŞ-nin Avropa Komandanlığı kontingentinin ölçüsünü və imkanlarını yenidən qiymətləndirəcəyini vəd edib. O, həmçinin Çini ABŞ silahlı qüvvələri üçün ən çətin çağırış hesab etdiyini və ABŞ Ordusu üçün ən təhlükəli ssenarinin Tayvanla bağlı hipotetik münaqişə olduğunu vurğulayıb.

Turan İSMAYIL