ABŞ-Ukrayna danışıqları bazar günü davam etdirəcək

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Ukrayna rəsmilərinin iştirak etdiyi atəşkəs danışıqları bazar günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində davam edəcək.
Redaktor.az xəbər verir ki, o, “Foks Nyus” telekanalına müsahibəsində dövlət katibi Marko Rubio və Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtsın Amerika tərəfdən yenidən Ciddəyə gedəcəyini bildirib, lakin Ukrayna tərəfdən məsləhətləşmələrdə kimin iştirak edəcəyini dəqiqləşdirməyib.
Qara dənizdəki enerji infrastrukturuna və hədəflərə hücumların dayandırılması ilə bağlı suala Vitkoff belə cavab verib: “Məncə, bu iki məsələ artıq ruslarla razılaşdırılıb. Ümid edirəm ki, ukraynalılar bununla razılaşacaqlar”.
O, həmçinin bildirib ki, ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs “ümumilikdə enerji və infrastrukturu” əhatə etməlidir.
Kreml bundan əvvəl məlumat vermişdi ki, Donald Trampla danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin hərbçilərə Ukraynanın enerji obyektlərinə zərbələri 30 gün müddətinə dayandırmağı əmr edib.
Eyni zamanda, Ukrayna tərəfi iki liderin söhbətindən bir neçə saat sonra mülki infrastruktura zərbələr endirilməsi barədə məlumat verib.