Ukrayna ilə bağlı yeni Rusiya-ABŞ danışıqları nazirlər səviyyəsində aparılmayacaq - Dövlət Departamenti

 23:00 19.03.2025     68

Rusiya və ABŞ arasında Ukraynada nizamlanma üzrə danışıqların yeni mərhələsi nazirlər səviyyəsində baş tutmayacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs bildirib.

"Bunlar yüksək rütbəli məmurlar olacaq. Sizə deyə biləcəyim tək şey budur. Nazir səviyyəli şəxslər deyil. Bunlar Ukraynada mümkün atəşkəs razılaşmasının texniki çərçivəsini müzakirə edən yüksək vəzifəli məmurlar olacaq. Yaxın günlərdə olacaq" - o deyib. Eyni zamanda, sözçü bildirib ki, təfərrüatların çox yaxın gələcəkdə hazırlanacağını gözləmək olar: "ABŞ prezidenti Donald Tramp bunun tez bir zamanda baş verməsini xahiş edib. Məncə, bunun nəticələrini tezliklə görəcəyik".

O, belə təmasların üçtərəfli formatda - təkcə Rusiya və ABŞ-nin deyil, həm də Ukraynanın iştirakı ilə mümkün olub-olmadığını izah etməkdə çətinlik çəkib. "Bu, yəqin ki, hələ də müzakirə olunur, təşkil olunur. Ona görə də razılaşmaların xüsusiyyətləri barədə danışa bilmərəm. Lakin iki prezident arasında (Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp - red.) martın 18-də telefon danışığında razılaşdırılanlarla texniki cəhətdən işləmək kifayət edəcək. Orada bunu edə biləcək insanlar olacaq", - Brüs qeyd edib.

Turan İSMAYIL