Venesuela cinayətkar qrupun üzvlərini ABŞ-yə göndərib - Ağ Ev

 23:09 19.03.2025     77

Vaşinqton administrasiyası hesab edir ki, Venesuela hakimiyyəti əvvəllər transmilli cinayətkar qrup "Tren de Araqua"nın üzvlərini ABŞ-yə göndərib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

O, "Tren de Araqua" üzvlərinə istinad edərək, "onları buraya Prezident Nikolas Maduronun düşmən Venesuela rejimi göndərib" deyib. “Və prezident Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra "Tren de Araqua"nı xarici terror təşkilatı kimi tanıdı”, - Levitt bildirib. O, ABŞ məhkəməsinin ölkədən qeyri-qanuni miqrantların, o cümlədən ABŞ səlahiyyətlilərinin "Tren de Araqua" üzvü olduğuna inandığı venesuelalıların deportasiyasını çətinləşdirən qərarını tənqid edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio martın 18-də Venesuelanın ABŞ-dən deportasiya edilən vətəndaşlarını qəbul etməyə borclu olduğunu bildirib. Onun sözlərinə görə, imtina ediləcəyi təqdirdə Vaşinqton Karakasa qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Bundan əvvəl Salvador Prezidenti Nayib Bukele bildirmişdi ki, ABŞ "Tren de Araqua"nın 238 üzvünü yerli həbsxanada cəzalarını çəkməyə davam etmək üçün respublikaya göndərib. Maduro isə öz növbəsində ABŞ-nin venesuelalı miqrantlara qarşı siyasətini ədalətsiz, qeyri-qanuni, aqressiv və insan haqlarının kobud şəkildə pozulması adlandırıb.

Tramp daha əvvəl 1798-ci il Yad Düşmən Aktına əsaslanan bəyannamə imzalamışdı. O, Venesuelada yerləşən “Tren de Araqua” transmilli cinayətkar qruplaşmasının üzvlərinin dərhal həbs edilməsini, saxlanmasını və Birləşmiş Ştatlardan çıxarılmasını əmr edib.

Eyni zamanda, martın 16-da Kolumbiya Dairə Məhkəməsi bu qanuna əsaslanaraq, onun tətbiqi üçün hüquqi əsaslar müəyyən edilənə qədər miqrantların ABŞ-dən kütləvi deportasiyasını dayandırmağa qərar verib. Miqrantların ölkədən çıxarılması ilə bağlı müvəqqəti qadağa 14 gün müddətində qüvvədə olacaq.

Turan İSMAYIL