“İstanbuldakı hadisələr Türkiyənin suveren işidir” - Kreml

 15:31 20.03.2025     141

“Bu həftə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı planlaşdırılmır”.

Redaktor.az  “Kommersant”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra şəhərdə keçirilən etiraz aksiyaları Rusiya və Türkiyə liderləri arasında təmaslar üçün səbəb ola bilməz: “Bu, telefon danışığına səbəb ola bilməz və olmayacaq. Bu, Türkiyənin suveren işidir”.

Bununla yanaşı, Peskov qeyd edib ki, V.Putin Türkiyəyə səfərlə bağlı dəvət alıb və bunu qəbul edib. Lakin Kremlin sözçüsü səfərin tarixinin hələ razılaşdırılmadığını bildirib.

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb. Bunun ardınca, İstanbulda İmamoğlu tərəfdarları tərəfindən etiraz aksiyası keçirilib.