Aİ liderləri Brüsseldə Avropa və Ukraynanın təhlükəsizliyini müzakirə edir

Bu gün Avropa İttifaqının liderləri Brüsseldə toplaşaraq Ukraynadakı müharibə, Aİ-nin təhlükəsizliyi, iqtisadiyyat, enerji, müdafiə və xarici siyasətlə bağlı vacib məsələləri müzakirə edirlər.
Redaktor.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iclas öncəsi jurnalistlərə verdiyi açıqlamada Ukraynada davamlı sülhün müzakirə olunacağını bildirib.
“Avropa üçün həlledici günlərdir. Əlbəttə ki, biz Ukraynanı və ədalətli, davamlı sülhə necə nail olacağımızı müzakirə edəcəyik", - o bildirib.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə müdafiə sərmayələrinin vacibliyini vurğulayıb:
“Əgər müdafiəyə kifayət qədər sərmayə qoysaq və öz imkanlarımızı inkişaf etdirsək, bu, həm də təcavüzkarların qarşısını alacaq".
Kallas ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün əlavə hava hücumundan müdafiə vasitələri tapmağa çalışması ilə bağlı açıqlamasını müsbət qarşılayıb və bunu son dərəcə vacib addım kimi qiymətləndirib:
“Biz ən azı konkret addımlar atmağa başlamalıyıq. Təkcə sözlə deyil, həm də əməldə bunu nümayiş etdirməliyik".
İspaniyanın Baş naziri Pedro Sançes Ukraynada sülh danışıqlarında Avropanın rolunu dəstəklədiyini vurğulayıb:
“Avropanın təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün vətəndaşlarla daha fərqli ünsiyyət qurmalıyıq. Bununla belə, düşünürəm ki, bizim izləməli olduğumuz texnoloji tərəqqi hökumətin son yeddi ildə həyata keçirdiyi siyasətlə uzlaşır".
Latviyanın Baş naziri Evika Silina açıq dialoqa və danışıqlara çağırıb, eyni zamanda, ABŞ-ın Avropanın əsas Transatlantik tərəfdaşı olduğunu vurğulayıb: “ABŞ-ın güclü Avropaya, Avropanın isə güclü ABŞ-a ehtiyacı var".
Litva Prezidenti Gitanas Nauseda isə Avropanın Ukraynaya daha çox yardım etməli olduğunu, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə əlavə təzyiq göstərilməsinin vacibliyini bildirib.