Son 72 saatda Qəzzada 600-dək fələstinli həlak oldu

İsrailin atəşkəsi pozmasından sonra Qəzza zolağında son 72 saatda 600-ə yaxın fələstinli həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Qəzzadakı media ofisinə istinadən Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin hava hücumları və qurudan hücumları intensivləşdikcə, ölənlərin sayı artmaqda davam edir. Kanal qeyd edir ki, yenidən bombardmanlar fonunda İsrail ordusu cənubdakı Rəfah şəhəri ərazisinə qurudan hücuma keçərkən, Fələstin anklavının şimalındakı Beyt Lahia şəhərinə ikinci quru hücumu həyata keçirilib.
Martın 18-də İsrail ordusu Qəzza zolağına irimiqyaslı zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib.
Fələstinli radikallar isə hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar.