"BMT sülhməramlıları Ukraynanı təkrar hərbi təcavüzdən qoruya bilməz"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, BMT sülhməramlı missiyası Ukraynanın müdafiəsi üçün potensial hərbi kontingentə alternativ kimi nəzərdən keçirilə bilməz.
Redaktor.az xəbər verir ki, bu barədə ölkə başçısı Çexiya Prezidenti Petr Pavel ilə birgə mətbuat konfransında söyləyib.
“Bütün hörmətlə, BMT bizi işğaldan və ya [Rusiya Prezidenti Vladimir] Putinin yenidən gəlmək istəyindən qoruya bilməz. Biz BMT-ni kontingentə və ya təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük”, – Ukrayna lideri qeyd edib.
O əlavə edib ki, Ukrayna BMT ilə dialoqu dəstəkləsə də, sülhməramlı missiyaya təcavüzün qarşısını almaq üçün səmərəli vasitə kimi bel bağlamır. Zelenski həmçinin vurğulayıb ki, Moskva artıq bütün beynəlxalq normaları pozub və onun rəhbərliyi BMT-nin qərarlarından qorxmur.
Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makronun BMT sülhməramlı missiyasını Ukraynaya Avropa qoşunlarının göndərilməsinə alternativ kimi nəzərdən keçirdiyi bildirilmişdi.