ABŞ İranın neft ixracını dayandırmağa çalışır - Dövlət Departamenti

ABŞ administrasiyası İranın neft ixrac etmək imkanından məhrum edilməsini istəyir.
Redaktor.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlərə açıqlaması zamanı deyib.
O, Vaşinqtonun cümə axşamı İrandan Çinə neft daşınması və emalı ilə əlaqəli olduğu iddia edilən 13 şirkət və 8 gəmi barəsində sanksiyalar tətbiq etməsinə münasibət bildirib.
Diplomat Çindəki neft emalı zavodunun təxminən yarım milyard dollar dəyərində milyonlarla barel neft aldığına, həmin təşkilatlar və tankerlərin isə İran neftinin milyonlarla barelini Çinə daşıdığı üçün sanksiyaya məruz qaldığını deyib.
"İranın dünya miqyasında davranışı ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhdid yaradır. Prezident Donald Tramp İranın nüvə təhdidinə son qoymaq, onun ballistik raket proqramını məhdudlaşdırmaq və terrorçu qruplaşmaları dəstəkləməsinin qarşısını almaq üçün maksimum təzyiq kampaniyasını bərpa edib. Bu kampaniya İranın neft ixracını sıfıra endirməyi hədəfləyir. Çünki Tehran bu gəlirlərdən sabitliyi pozan fəaliyyətini maliyyələşdirmək üçün istifadə edir. Bu, həmçinin İranın Çinə neft ixracına da aiddir", – o deyib.