ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşdı - YENİLƏNİB

 23:04 23.03.2025     322

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş başa çatıb.

Redaktor.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.

Məsləhətləşmələrin iki saata yaxın davam etdiyi bildirilir. Görüşlə bağlı hələ ki, əlavə məlumat verilməyib. Nümayəndə heyətində Umerovdan başqa, prezident aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.

ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts olub.

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya ilə ABŞ nümayəndə heyətləri arasında görüş olacaq. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. Görüş zamanı Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi müzakirə olunacağı bildirilir.

***

Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna nümayəndə heyətləri arasında danışıqlar artıq başlayıb.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, görüş Ər-Riyadda keçirilir və enerji və digər mühüm obyektlərin mühafizəsinə aiddir.