Ukraynada Zelenskiyə etimad artıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi 2025-ci ilin əvvəlində ABŞ siyasətindəki dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə artıb. Sosioloqlar mart ayında Ukrayna Prezidentinə etimad dinamikasını izləməkdə davam edirlər.
Redaktor.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, 2025-ci il martın ikinci yarısına olan məlumata görə, ukraynalıların 69 faizi Zelenskiyə inanır, 28 faizi ona inanmır.
Fevralın 14-dən martın 4-dək olan müddətdə respondentlərin 67 faizi prezidentə etimad göstərib, 29 faiz isə etimad göstərməyib.
Təhlükəsizlik zəmanəti verilmədən müvəqqəti atəşkəs olacağı təqdirdə respondentlərin 77 faizi seçkilərin əleyhinədir və seçkilərin yalnız təhlükəsizlik zəmanəti və ya yekun sülh razılaşması əldə edildikdən, müharibənin tam dayandırılmasından sonra keçirilməsi variantını seçir.
Eyni zamanda, rəyi soruşulanların 8 faizi seçkilərin belə şəraitdə keçirilməsinin, 11 faizi isə atəşkəsi belə gözləmədən seçkilərin elə indi keçirilməsinin tərəfdarıdır.
Bu sorğular martın 12-dən 22-dək 1326 respondenti əhatə edib.